Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir
Bakı, 25 sentyabr, AZƏRTAC
Dövlət qulluqçularına tətbiq ediləcək məhdudiyyətlər müəyyənləşir.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsində əksini tapıb.
Təklif edilən yeni layihəyə görə, dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:
- əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla), o cümlədən heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa.
- qulluq keçdiyi dövlət orqanı rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, qulluq müddətində heç bir sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmağa.
- dövlət orqanlarının (qurumlarının) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa.
- qulluq keçdiyi dövlət orqanının rəhbərinin icazəsi olmadan beynəlxalq təşkilatın, xarici ölkənin, xarici fiziki və hüquqi şəxsin vəsaiti hesabına xarici ölkəyə getməyə.
- qulluq vaxtında siyasi partiyaların fəaliyyətində iştirak etməyə.
- dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə, habelə dövlət orqanlarının strukturuna daxil olan qurumlarda dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.
- tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə.