Dövlət qurumları arasında III minifutbol turnirinə yekun vurulub
Bakı, 6 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan final qarşılaşmasından öncə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həlledici oyunda Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin komandaları üz-üzə gəlib. Görüş Ədliyyə Nazirliyinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da qurum ardıcıl ikinci dəfə turnirin qızıl medallarını qazanıb.
Üçüncü yer uğrunda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Daxili İşlər Nazirliyinin komandaları qarşılaşıb. Əsas vaxt 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan DİN bürünc medalların sahibi olub - 4:1.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışda ümumilikdə 39 kollektiv iştirak edib.