Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi çəkiləcək
Bakı, 6 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən keçirilmiş film layihələri müsabiqəsində qalib gələn layihələrin dövlət sifarişi və dəstəyi ilə istehsalına başlanılıb.
Kino Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin dövlət sifarişi istiqaməti üzrə çəkiləcək “Kür - çaylar anası” sənədli film layihəsi ilə istehsal müqaviləsi bağlanılıb. Filmin bu ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulub.
“OD Media Production” şirkəti tərəfindən ərsəyə gələcək filmin rejissoru Seyran Bədəlov, ssenari müəllifi Əkbər Nəcəflidir.
Çəkilişlər Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq.