Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra DTXK sədrinin müavini Azad Nağıyev 20 Yanvar faciəsinin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışdır. Bildirmişdir ki, təqib və təhlükələrə baxmayaraq, faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirmişdir. Ulu öndər bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun səbəblərini də açıqlamış və faciənin təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan edərək, onların cəzalandırılması tələbi ilə çıxış etmişdir.
Faciəyə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verildiyini xatırladan natiqlər ölkəmizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını vurğulamışlar. Bildirmişlər ki, Prezident İlham Əliyev 20 Yanvar şəhidləri ailələrinin və faciə zamanı əlil olmuş insanların qayğısını daim diqqətdə saxlayır.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu vurğulamış, bu faciənin insanlığa qarşı törədilmiş ən dəhşətli və ağır cinayətlərdən biri olduğunu bildirmişlər.