DÜNYA
DPA: Almaniya əhalisinin əksəriyyəti Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir
Bakı, 8 iyul, AZƏRTAC
Almaniya əhalisinin əksəriyyəti Ukraynanın tez və ya gec Şimali Atlantika Alyansına qəbul edilməsinə tərəfdardır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “YouGov” sosiologiya institutunun Deutsche Presse-Agentur (DPA) agentliyinin sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələrində əksini tapıb.
Sorğuya əsasən, respondentlərin 42 faizi Ukraynanın müharibə bitdikdən sonra, 13 faizi isə dərhal NATO-ya üzv olmasını istəyir. Lakin almanların 29 faizi Kiyevin alyansa üzvlüyünün qəti əleyhinədir.
Eyni zamanda, rəyi soruşulanların 58 faizi Ukrayna və Rusiya arasında danışıqların ləngimədən başlamasını vacib saysa da, 26 faizi bunu məqsədəuyğun hesab etmir.
İyunun 30-dan iyulun 4-dək davam edən sorğuda Almaniya vətəndaşlığı olan 2116 nəfər iştirak edib.
NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının sammiti çərçivəsində keçiriləcək Ukrayna-NATO Şurasının ilk iclasında Prezident Volodimir Zelenskinin də iştirakını elan etmişdi. Stoltenberqin sözlərinə görə, NATO-nun Vilnüs samitində Kiyevin alyansa üzvlüyünü yaxınlaşdıracaq üç bəndlik plan razılaşdırılmalıdır. Bunlardan birincisi, NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələri ilə alyans arasında tam hərbi uyğunluğu təmin etmək üçün Ukraynaya bir neçə illik yardım proqramı üzrə razılığa gəlməsidir. İkincisi, Ukrayna-NATO Şurasının formalaşdırılması ilə Kiyevlə siyasi əlaqələrinin səviyyəsi yüksəldilməlidir. Üçüncüsü isə alyans ölkələri Ukraynanın blokun üzvü olacağını təsdiqləməlidir.
Bununla belə, Yens Stoltenberq Vilnüs sammitdə Ukraynanın müharibədən sonra NATO üzvlüyünə dəvət ediləcəyinə vəd verməyib.