DSX-nın Qazaxdakı qarnizon kompleksində yaradılan şərait MDB məkanında nümunəvidir – Şərh
Bakı, 8 avqust, AZƏRTAC
Dövlətimizin başçısı avqustun 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.
Mövzunu AZƏRTAC-a şərh edən hərbi jurnalist, ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov söyləyib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qarnizon kompleksindəki şəraitlə tanış olması DSX-nın əməkdaşlarının peşə bayramı ərəfəsində onlara böyük hədiyyə oldu.
“Avqustun 18-i DSX əməkdaşlarının peşə bayramı günüdür. “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan yeni şərait hərbi qulluqçuların döyüş qabiliyyətinin artırılması üçün zəruri addımdır. 21 hektara yaxın ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur”, - deyə Ü.Cəfərov bildirib.
Onun sözlərinə görə, “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şərait MDB məkanında bir ilkdir. Kompleksin yaradılmasında Prezident İlham Əliyevin və DSX rəhbərliyinin rolu əvəzsizdir. Onlar qarnizonun ərsəyə gəlməsində yaxından iştirak edib, prosesi daim nəzarətdə saxlayıblar.
Eyni zamanda, kompleksin idman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb və voleybol meydançası yaradılıb. İstilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorlar quraşdırılıb. Ərazidə əsaslı tikinti-abadlıq işləri aparılıb, 23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib. Kompleksdə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.
“Digər tərəfdən “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş həmin qarnizon kompleks MDB məkanında nümunəvidir və ən yüksək tələblərə cavab verir: “Hərbi ekspert kimi deyə bilərəm ki, bəlkə də MDB məkanında ikinci belə sərhəd kompleksi yoxdur. Hətta şimal qonşumuz Rusiyada, eləcə də Qazaxıstanda, digər ölkələrdə, Belarusda belə sərhəd kompleksinin mövcud olmasını düşünmürəm. Orada xidmətin yüksək səviyyədə aparılması üçün hər cür ideal şərait yaradılıb.
Qeyd edim ki, Sərhəd Kompleksinin yaradılması davamlı olaraq dövlətimizin başçısının, DSX rəhbərliyinin gündəlik nəzarəti, diqqəti və qayğısı sayəsində əmələ gəlib. Onlar hərbi hissə kompleksində bütün işlərin keyfiyyətlə görülməsinə davamlı olaraq nəzarət ediblər. Həmin kompleks bundan sonra DSX-nin şəxsi heyətinin yüksək səviyyədə xidmət göstərməsinə töhfə verəcək”, - deyə hərbi ekspert vurğulayıb.