“Dual peşə təhsili proqramı”nın yekun tədbiri keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) tərəfindən 2022-2023-cü tədris ilində reallaşdırılan “Dual peşə təhsili proqramı”nın yekun tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində baş tutub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib ki, tədbirin məqsədi ötən tədris ilində iş yerində öyrənmə modelinin tətbiqinə dair nəticələrlə bütün maraqlı tərəfləri məlumatlandırmaq, işəgötürənlərlə və peşə təhsili müəssisələrinin pedaqoji heyəti ilə növbəti addımları müzakirə etməkdir. Onun sözlərinə görə, işəgötürənlərlə sıx əməkdaşlığın qurulması peşə təhsilinin inkişafının təmini baxımından agentliyin fəaliyyətində prioritetlər sırasındadır. 2022/2023-cü tədris ili ərzində 760 tələbə 70-dən çox işəgötürənlə əməkdaşlıq çərçivəsində “Dual peşə təhsil proqramı”na cəlb edilib. Proqrama cəlb edilən tələbələrin 200-ü işlə təmin edilib. Növbəti il üçün sözügedən proqram çərçivəsində təhsil alan tələbə sayının 1000 nəfərə çatması planlaşdırılır.
Avropa İttifaqı layihə meneceri Rza Zülfüqarzadə “Dual peşə təhsili proqramı” zamanı tələbələrin təhsillərini peşə təhsili və təlimi (PTT) müəssisələrində davam etdirdiyini, peşə sahələrinə uyğun olaraq özəl sektor şirkətlərində praktiki təcrübə əldə etdiklərini bildirib. Onun sözlərinə görə, tələbələr real iş mühitində öz mentorlarının peşəkar dəstəyindən istifadə edir və PTT mərkəzlərində öyrəndikləri nəzəri bilikləri burada tətbiq edərək əmək bazarının tələbatlarına uyğun bacarıqlar əldə edirlər: “Bu proqram PTT müəssisələrinə bazar tələblərindən birbaşa xəbərdar olmağa və təhsilin məzmununda müvafiq dəyişikliklər etməyə imkan yaradır. Bundan əlavə, dual yanaşma şirkətlərə öz potensial kadrlarını daha az resursla yetişdirməyə, həmçinin təhsil və özəl sektor sahələrində müxtəlif şəbəkələrə daxil olaraq yeni tərəfdaşlıqlar yaratmağa kömək edir”.
BMT İP - “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin meneceri Eltəkin Ömərov özəl sektorla əməkdaşlıq çərçivəsində iki il ərzində dual /iş yerində öyrənmə proqramına 32 şirkətin qoşulduğunu söyləyib. Bildirib ki, 8 peşə təhsili müəssisəsindən 41, özəl sektordan isə 126 mentor turizm və qonaqpərvərlik, nəqliyyat, mebel istehsalı və media istiqamətləri daxil olmaqla 24 müxtəlif peşə üzrə prosesə cəlb olunub. Layihənin dəstəyi ilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran və Şəki şəhərlərindən 573 tələbə bu proqramda iştirak edib. Məzunların 70 faizindən çoxu təcrübədə olduğu şirkətlərdən rəsmi iş təklifi alıb.
Tədbirin sonunda proqramın icrası zamanı fərqlənən işəgötürən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.
Xatırladaq ki, dual/iş yerində öyrənmə proqramı sözügedən layihənin özəl sektorla işi istiqamətində həyata keçirilir və Azərbaycanda peşə təhsili sahəsində innovasiyaların tətbiqi, potensialın təkmilləşdirilməsi və şəbəkələşmə ilə bağlı hədəflərinə yönəlir.
Qeyd edək ki, ötən tədris ilində 15 peşə təhsili müəssisəsində icra olunan “Dual peşə təhsili proqramı” çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Almaniyanın "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V." təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, həmçinin Dövlət Turizm Agentliyi, Turizm Bürosu, Hotellər Assosiasiyası, “Bacarıqlı ol” layihəsi ilə əməkdaşlıq edib.