DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜRACİƏTİ
Dəyərli soydaşlarımız!
Xalqımızın dil, əqidə və əməl birliyinə əsaslanan milli-mənəvi bütövləşmə arzusunun təcəssümü olan 31 dekabr günü bu il Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda dərin hüzn içərisində qeyd edilir. Yer kürəsinin müxtəlif bölgələrində məskunlaşmış azərbaycanlılar türk dünyasının ən böyük tarixi şəxsiyyətlərindən biri olan ümummilli liderimiz Heydər Əliyevin vəfatının ağrı-acısını yaşayırlar.
Vətən və millət qarşısında göstərdiyi böyük xidmətlərə görə bütün dünya azərbaycanlılarının qəlbində özünə möhtəşəm abidə ucaltmış Heydər Əliyevin 60 illik siyasi fəaliyyəti xalqımızın əsrlər boyu arzusunda olduğu müstəqil dövlətinin qurulmasında və qorunub möhkəmləndirilməsində həlledici rol oynamışdır. Özü cismən bizdən ayrılsa da, ən böyük əsəri olan qüdrətli Azərbaycan Respublikasını bizlərə ərməğan etmiş Heydər Əliyev böyük uzaqgörənliklə dünya birliyində ölkəmizin yerini müəyyənləşdirmiş, onun inkişaf yollarını göstərmişdir. Görkəmli dövlət xadimi, böyük mütəfəkkir kimi o, milli dövlətçiliyimiz üçün həyati əhəmiyyət daşıyan azərbaycançılıq ideyasını formalaşdırmış, milli birlik yaradılması işinə misilsiz töhfələr vermişdir.
Heydər Əliyevin təşəbbüsü ilə 12 il əvvəl 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən olmaqla, bir-birindən ayrı düşmüş soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuş, onların tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli şərait yaratmışdır. 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının I qurultayının keçirilməsi, Prezident Heydər Əliyevin fərmanı ilə xaricdə yaşayan azərbaycanlılarla iş üzrə ayrıca dövlət qurumunun yaradılması milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin üzvi tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir. Bütün bu tədbirlər həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeri, ata-baba yurdu olduğuna görə Avropanın, Amerikanın, Asiyanın, Afrikanın, Avstraliyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin başladığı möhtəşəm işlərin və perspektivli planların onun siyasi məktəbinin ən layiqli yetirməsi, Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, gənc dövlətimizin milli mənafelərə uyğun olan müstəqil daxili və xarici siyasət yeritməsindən məmnunluq duyurlar.
Azərbaycanın uğurlarını öz uğurları, problemlərini isə öz problemləri sayan soydaşlarımız respublikamızın ərazi bütövlüyünün bərqərar olacağı, 1 milyondan çox qaçqın və köçkünlərimizin doğma yurdlarına dönəcəyi günləri intizarla gözləyirlər. Qarabağ dərdi bütün millətimizin ağrılı yeri olduğuna görə bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu müstəqil dövlətimizin inkişafı yolunda mövcud olan maneələrin dəf edilməsi, o cümlədən Ermənistanın ölkəmizə təcavüzünün nəticələrinin aradan qaldırılması naminə birləşərək səylər göstəməkdən, dünyanın bütün ölkələrində Azərbaycan diasporunun möhkəmlənməsinə nail olmaqdan, güclü Azərbaycan icmaları yaratmaqdan ibarətdir. Milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi, Azərbaycan Respublikasının dünyanın qabaqcıl və inkişaf etmiş ölkələri sırasında, azadlıq və firavanlıq şəraitində daim irəliləməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.
Əziz həmvətənlərimiz!
Dəyərli soydaşlarımız!
Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə cağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə əmin-amanlıq, xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza qələbə sevincləri və nurlu gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının Milli Məclisi
(Müraciət Azərbaycan Respublikası Milli
Məclisinin 2003-cü il 30 dekabr tarixli
iclasında qəbul edilmişdir).