DÜNYA İRS KOMİTƏSİNİN 30-CU SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Sessiyanın ilk günlərində Ə.Qarayev Litva Prezidenti Valdas Adamkus, YUNESKO-nun baş katibi Koişiro Matsuura, İCCROM-un baş direktoru Munir Buşenaki, İKOMOS-un prezidenti Mikael Petselt, Litvanın mədəniyyət naziri Vladimiras Prudnikovas, Litvanın Türkiyə və Azərbaycandakı səfiri Vyatautas Nauduzas və digər rəsmi şəxslərlə görüşmüş, səmərəli danışıqlar aparmışdır. Görüşlərdə ölkəmizin maddi və qeyri-maddi mədəni irsinin qorunmasına, muzey və kitabxana işinin müasir tələblər səviyyəsində qurulmasına, turizmin inkişafı məsələlərinə diqqət yetirilmişdir. Beynəlxalq təcrübəyə malik bir çox nüfuzlu təşkilatların mütəxəssiləri təcrübə mübadiləsi aparmaq üçün Azərbaycana gəlməyə hazır olduqlarını bildirmişlər.
Ə.Qarayev Vilnüs şəhərinin tarixi hissəsinin qorunması təcrübəsi, orada yerləşən memarlıq abidələrinin bərpası, müasir tələblərə uyğun şəkildə istifadəsi ilə tanış olmuşdur.
Sessiyanın iyulun 10-da keçirilmiş iclasında Dünya İrs Komitəsinin və sessiyanın sədri, Litva Respublikasının YUNESKO-dakı səfiri xanım İna Marçiuleonite YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sessiyaya ünvanlanmış məktubunu oxumuşdur.
Həmin iclasda təhlükədə olan Dünya Mədəni İrs Siyahısına daxil edilmiş abidələrin vəziyyəti müzakirə olunmuşdur. Bu siyahıya daxil edilmiş İçərişəhər Dünya İrs Komitəsinin üzvü olan 21 ölkənin səlahiyyətli nümayəndələrinin fəal müzakirə mövzusuna çevrilmişdir. Ə.Qarayev son bir neçə ay müddətində İçərişəhərin qorunması sahəsində aparılan işlər barədə ətraflı məlumat vermiş, suallara aydınlıq gətirmişdir. Dünya İrs Komitəsinin üzvləri dünya əhəmiyyətli bu abidəmizin qorunmasına daha artıq diqqət yetirilməsini tövsiyə etmişlər.