Dünya üzrə turist səfərlərində 5 faiz artım qeydə alınmışdır
Bakı, 28 avqust (AZƏRTAC). Dünya Turizm Təşkilatının (DTT) dünyada turist səfərləri ilə bağlı 2013-cü il üçün proqnozları özünü doğrultmaqdadır.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, bu ilin ilk 6 ayının nəticələrinə görə, dünya üzrə 500 milyon turist səfəri qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım deməkdir.
Bu göstərici DTT-nin ilin əvvəlində 3-4 faiz artımın olacağı ilə bağlı proqnozlarının, eyni zamanda, “Turizmin 2030-cu il perspektivləri” sənədinin özünü doğrultduğunu göstərir.
Bu, bazar iqtisadiyyatına keçmiş ölkələrin büdcələrində 6, iqtisadiyyatı yenicə inkişaf etməkdə olan ölkələrin büdcələrində isə 4 faiz artım deməkdir. Təşkilatın ekspertləri bu nəticəni uzun illərin təcrübəsinə istinad edərək hesablamışlar.
DTT-nin baş katibi Taleb Rifai bildirmişdir ki, beynəlxalq turizmin səviyyəsinin yüksəlməsi ilə bağlı proqnozların özünü doğrultması insanların səyahət istəyinin onların iqtisadi vəziyyəti ilə az bağlılığını bir daha sübut edir. Hər ailə ildə bir dəfə səyahət xatirinə öz büdcəsinə qənaət etməyi bacarır. Bu onun sübutudur ki, artıq turizmin iqtisadiyyatın aparıcı istiqaməti olduğunu, həmçinin yeni iş yerlərinin yaranmasında, ölkələrin sosial-iqtisadi inkişafında bu sahənin əvəzsiz rolunu etiraf etməyin vaxtıdır.
Təşkilatın məlumatında ayrı-ayrı regionlar və subregionlar üzrə nəticələrə də toxunulmuşdur. İlin altı ayında Mərkəzi və Şərqi Avropa üzrə 10, Cənubi Avropa və Aralıq dənizi ölkələri üzrə 6 faiz artım qeyd alınmışdır. Həmçinin Asiya-Sakit okean ölkələri 6, Cənub-Şərqi Asiya 12, Cənubi Asiya 7 faiz artımla gözlənilən proqnozları doğrultmuşdur.
Bununla bərabər, regionlar içərisində gözlənilməz nəticələr də olmuşdur. Cənubi Amerika və Karib dənizi ölkələrində turist səfərləri 2 faiz qeydə alınmışdır.
2013-cü ilin birinci yarısının nəticələrinə görə, Çin 31, Rusiya isə 22 faiz gəlirlə turizmdən ən yüksək gəlir əldə edən 10 ölkə arasında liderlik edir.
Dünyanın əksər ölkələrində 2013-cü ilin yay turizm mövsümünün ən qaynar iki ayı - iyul və avqust ikinci yarım ilin payına düşdüyündən DTT ilin sonunadək ekspertlərin proqnozlarının özünü tam doğruldacağını bildirir.