“Əbədiyyət dastanı” kitabının türkmən dilində yeni nəşri MEK-ə təqdim edilib
Bakı, 25 iyul, AZƏRTAC
Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilində (“Ebedilik dessany”) yeni nəşri AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” kitabı ilk dəfə 2008-ci ildə nəşr olunub. Poemalar kitabı bu günə kimi Ulu Öndər haqqında yazılmış, onun həyatı, fəaliyyəti, şəxsiyyətini ədəbiyyat, şeriyyət dili ilə ifadə edən ən yaxşı külliyyat hesab edilir.
“Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” poemalarının toplandığı bu kitab Ümummilli Lider Heydər Əliyev haqqında unudulmaz xatirədir. Poemalar kitabı qədim türk dastanları tərzində və xalq dilində yazılıb.
Kitab tərcümə etdirilərkən xalqlarımızın eyni soy-kökə, dilə və mədəniyyətə sahib olduqlarını türkmən oxuculara bir daha əyani şəkildə çatdırmaq məqsədilə Azərbaycan və türkmən dillərində olan ortaq sözlərin daha çox qorunub-saxlanılmasına xüsusi diqqət yetirilib. Kitab Türkmənistanın Əməkdar şairi Akmurad Rəcəbov və Azərbaycanın Türkmənistandakı səfirliyinin müşaviri Mikayıl Yusifov tərəfindən tərcümə olunub. İlk kitabda olduğu kimi, yeni kitabın tərtibatında da Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə edilib.