ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropa ailəsinə sıx inteqrasiya yolunu tutmuş Azərbaycanda insan haqlarının təmin edilməsi sahəsində həyata keçirilən ardıcıl tədbirləri xatırladan Fikrət Məmmədov Prezident İlham Əliyevin 2004-cü il 10 may tarixli əfv Fərmanının insanpərvər mahiyyətini qeyd etmiş və ən geniş əhatə dairəsi olan bu humanist aktla 363 nəfərin əfv edildiyini vurğulamışdır.
Ölkəmizdə aparılan islahatları müsbət dəyərləndirən qonaq “siyasi məhbus” kimi qələmə verilən bəzi məhkumların da əfv edilməsindən məmnun olduğunu vurğulamış, Azərbaycanın böyük təşəbbüskarlıq və yenilməz iradə nümayiş etdirərək, ardıcıl humanist aktlar qəbul etməsinin artıq dövlət siyasətinə çevrildiyini bildirmişdir.
Söhbət zamanı təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının təmin olunması, onların saxlanılması şəraitinin yaxşılaşdırılması, tibb xidmətinin təkmilləşdirilməsi üzrə tədbirlərə də toxunulmuş, qonağı maraqlandıran suallara ətraflı cavab verilmişdir.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov və nazirliyin digər məsul işçiləri iştirak etmişlər.