Ədliyyə Nazirliyinin əməkdaşları hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu məqsədlə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə ikinci kurs tələbələri ilə görüş təşkil edilib.
Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov slayd vasitəsilə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün nazirliyin müəyyən etdiyi istiqamətverici layihələr barədə geniş məlumat verib. Qeyd olunub ki, ötən müddətdə nazirliklə universitet arasında təsdiq edilmiş tədbirlər planına əsasən “Ədliyyə könüllüləri” proqramı istiqamətində innovativ ideyaların dəstəklənməsi məqsədilə tələbələrlə birgə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun yönləndirici layihələr həyata keçirilib.
Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxışında nazirliyin fəaliyyət istiqamətləri, hüquq və vəzifələrindən bəhs edib. Vurğulanıb ki, tələbələr ədliyyə fəaliyyəti ilə bağlı prinsiplərin mahiyyətini mənimsəməklə müxtəlif innovativ ideyaları özündə əks etdirən startap layihələri irəli sürə bilərlər.
Sonda suallar cavablandırılıb.