Ə.Əmiraslanov: Ölkəmizdə yüksəkixtisaslı orta tibb işçilərinin hazırlanmasına böyük ehtiyac var
Bakı, 27 noyabr, AZƏRTAC
Orta tibb işçisi bir neçə il bundan qabaqkı kimi bir mütəxəssis deyil, onlara olan tələbat kifayət qədər artıb və artmaqda davam edir. Əgər bir neçə il bundan əvvəl orta tibb bacısı həkimin dediyi hər hansı tapşırıqları icra edirdirsə, bu gün bu sahədə çalışan mütəxəssislər bu və ya digər xəstəliklərin, patologiyaların müayinəsi və müalicəsinin iştirakçısıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I beynəlxalq elmi-praktik konfransındakı çıxışında deyib.
O bildirib ki, dünyada bu mütəxəssislərə münasibət başqadır: "Belə mütəxəssislərin hazırlanmasına diqqət yetirilməlidir. Azərbaycanda bu sahədə kifayət qədər işlər həyata keçirilir. Orta tibb kolleclərində qanunvericilik bazasının möhkəmləndirilməsində iştirak etməyə həmişə hazırıq. Xəstələr ambulator müalicəyə buraxıldıqdan sonra ev şəraitində onlara nəzarət orta tibb işçilərinin üzərinə düşür. İmmunizasiya, reabilitasiya prosesində ən böyük yük onların çiyinlərindədir".
Ə.Əmiraslanov qeyd edib ki, ölkəmizdə yüksəkixtisaslı orta tibb işçilərinin hazırlanmasına böyük ehtiyac var: "Türkiyənin bu sahədə təcrübəsi böyükdür. Qardaş türk dövlətləri bu sahədə bir-birinin təcrübəsindən yararlanmalıdırlar. Qardaş Türkiyənin səhiyyəsindən, onların təcrübəsindən, proqramlarından, tədris metodikalarından yararlanmalıyıq. Ölkəmizdə orta tibb işçilərini hazırlayacaq özəl müəssisələrin açılmasına ehtiyac var. Gələcəkdə maddi-texniki bazası olan kolleclərin açılmasına, bu sahədə professor, müəllim heyətlərinin kolleclərdə öz təcrübələrini bölüşməsinə ehtiyac var", - deyə o qeyd edib.