Əhməd Sami Elaydi: Heydər Əliyev Misirdə heykəli qoyulan ilk və yeganə tarixi şəxsiyyətdir
Bakı, 13 dekabr, AZƏRTAC
Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri universitetin rektoru Asif Hacıyev açaraq bu dahi insanın Azərbaycan tarixindəki mühüm rolundan bəhs edib.
Misir Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilər ki, mərasimdə çıxış edən Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi və Mərkəzin müdiri, azərbaycanşünas alim Əhməd Sami Elaydi ölkələrimiz arasında münasibətlərin qurulmasında Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb. Qeyd edib ki, Azərbaycan liderinin 1994-cü ildə Misirə səfəri ilə iki dövlət arasında münasibətlərin yeni səhifəsi açılıb.
Əhməd Sami Elaydi sözünə davam edərək deyib: “Misir xalqı müasir Azərbaycanın memarı, dünya şöhrətli, dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş məlumatlara malikdir. Onun həyat və fəaliyyəti, Azərbaycanın inkişafındakı misilsiz xidmətləri haqqında ərəb dilində kitablar nəşr olunub. Heydər Əliyev Misirdə heykəli qoyulan ilk və yeganə tarixi şəxsiyyətdir”.
Hər il universitetlərdə Heydər Əliyevə həsr olunan geniş tədbirlər keçirildiyini diqqətə çatdıran Əhməd Sami Elaydi bildirib ki, bu böyük siyasətçinin Qahirəyə səfərindən sonra Misirdə Azərbaycan dilinə hədsiz maraq oyanıb. Misirin aparıcı universitetlərdən biri, iki yüz mindən çox tələbəsi olan Ayn-Şəms Universitetində Azərbaycan dili tədris olunur. Hər il yüzlərlə tələbəyə Azərbaycan dili öyrədilir.”
Tədbirdə Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.