ƏKİN SAHƏLƏRİNDƏ TAXILIN NÖVBƏTİ İLLƏRDƏ DİGƏR BİTKİLƏRLƏ NÖVBƏLƏŞDİRİLMƏSİ VACİBDİR
Bakı, 21 sentyabr (AZƏRTAC). Əkin sahələrində növbəti illərdə taxılın digər bitkilərlə növbələşdirilməsi vacib məsələlərdən biridir.
Kənd təsərrüfatı mütəxəssisləri hesab edirlər ki, bu proses yerinə yetirilməsə taxılın məhsuldarlığı və keyfiyyəti aşağı düşə bilər. Ümumiyyətlə aqrar qanunlara görə, məhsul keyfiyyənin aşağı düşməsinin əsas səbəblərindən biri ardıcıl olaraq bir neçə il eyni sahədə eyni növ məhsul əkinidir. Bu proses heç də taxıl sahələrinin azaldılmasına səbəb olmayacaqdır. Cari il pambıq, yonca və s. əkilmiş sahələrdə isə, əksinə, növbəti il taxıl əkiləcəkdir. Bundan əlavə, artıq Kənd Təsərrüfatı Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun müvafiq rayon şöbələri ilə birgə eroziyaya uğramış, şorlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi və xəritələşməsi, onlardan səmərəli istifadə olunmasına dair təkliflər hazırlayır. Nazirlik tərəfindən torpaqdan səmərəli istifadə olunması barədə qərar qəbul edilmiş və aşkar olunan çatışmazlıqlarla əlaqədar müvafiq tədbirlər görülmüşdür.
Bitkilərin növbəli əkin prinsipi mütləq qorunmalı, bu, elmi metod kimi tətbiq edilməlidir. Məhsuldarlığın aşağı düşməsində ziyanvericilərin və alaq otlarının rolu da danılmaz faktdır. Ardıcıl taxıl əkini zamanı bu məhsulun özünəməxsus ziyanvericiləri və alaq otları torpaqda qalır, növbəti ildə məhsula daha ciddi ziyan vurur.
Ancaq növbəti il, tutaq ki, pambıq əkildikdə həmin ziyanvericilər məhv olur.