“Ekol Mühəndislik Xidmətləri” SOCAR-ın idarələrində 96 min ağaca aqrotexniki xidmət göstərir
Bakı, 30 avqust, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC SOCAR-ın idarələrində 96 min müxtəlif növ ağaca aqrotexniki xidmət göstərir.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində yay mövsümü işləri davam etdirilir. Hazırda Torpaqların Rekultivasiya Departamentinin (TRD) kollektivi bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər yüksək perspektivlərdən xəbər verir və ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.
Bu məqsədlə, tədbirlər planına uyğun olaraq cəmiyyətin TRD-nin mütəxəssisləri tərəfindən xidmət göstərdikləri SOCAR-ın Qaz Emalı Zavodunun istehsalat sahəsi, “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft”, H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrində mövsümü işlər aparılır. Ümumilikdə 96 min 31 ədəd müxtəlif növ ağacların, bəzək kollarının və güllərin dibləri boşaldılır, alaq otlardan təmizlənir, mexaniki və damcı üsulları ilə suvarma işləri aparılır. Lazım olan üzvi və mineral gübrələrlə təmin edilərək aqrotexniki xidmətlər göstərilir.
Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri” QSC bu sahələri fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoyub.