Ekoloji qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən sentyabrın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkarlanıb. Ekoloji qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 56 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 49 iş üzrə 58800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 7 iş üzrə 400.25 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 265 iş üzrə 29926.42 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 4, icra qurumlarına 27 iş göndərilib.