Ekspert: Antiinflyasiya üçün Mərkəzi Bankın xüsusi tədbirləri var ŞƏRH
Bakı, 27 noyabr, AZƏRTAC
Son illərdə qlobal iqtisadiyyatda müşahidə olunan qiymət artımları bir çox ölkələrdə inflyasiya təzyiqlərini artırsa da, Azərbaycanda bu, daha balanslaşdırılmış şəkildə qiymətləndirilir. Ölkədə həyata keçirilən makroiqtisadi siyasət, xüsusən də monetar və fiskal idarəetmənin koordinasiyalı olması qiymət sabitliyinin qorunmasına imkan yaradır. Azərbaycanın iqtisadi modeli neft gəlirlərinin davamlı idarə olunması, maliyyə və pul siyasətində ehtiyatlı yanaşma, eləcə də xarici təsirlərin yumşaldılması ilə seçilir. Bu baxımdan, inflyasiyanın səviyyəsi, onun formalaşmasına təsir edən amillər və bu amillərin idarə olunması hökumətin iqtisadi gündəmində xüsusi yer tutur.
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanda inflyasiya normal səviyyədədir.
“Ümumi inflyasiya Mərkəzi Bankın qoyduğu hədəf (2-6 faiz) çərçivəsindədir. Hal-hazırda Azərbaycanda inflyasiya 5,9 faiz səviyyəsindədir. Gələn il isə 5,3 faiz planlaşdırılır. Bu, inkişaf etməkdə olan ölkələrin inflyasiya gözləntilərinə uyğundur. Antiinflyasiya üçün Mərkəzi Bankın xüsusi tədbirləri var. Burada isə əsas məsələ odur ki, Mərkəzi Bank manatın məzənnəsini inflyasiyanın idarə edilməsi üçün əsas götürür. Manatın məzənnəsi burada önəmli faktordur, manat dollara görə fiks saxlanılır. İkinci məqam Mərkəzi Bank hesab edir ki, inflyasiyanın əsas səbəbi idxalla əlaqədar olduğuna görə, bu, daha böyük rol oynayır. Ümumilikdə, hökumət Tarif Şurası, Mərkəzi Bank, Maliyyə Nazirliyi birgə fəaliyyətlərini koordinasiya edərək həm fiskal, həm də monetar tədbirlər görülür”, - deyə ekspert bildirib.
Ekspert əlavə edib ki, Azərbaycan həm inflyasiya gözləntilərinə, həm də qiymət sabitliyi üzrə hədəflərinə uyğun olaraq iqtisadi inkişaf tempini qorumağa davam edir.