Ekspert: Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji üzrə layihələr hazırlanması mümkündür
Bakı, 25 noyabr, Günel Türksoy, AZƏRTAC
ABŞ ilə Azərbaycanın iqlim tədbirləri və yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirə biləcəyi bir sıra praktik istiqamətlər mövcuddur. Bu imkanların çoxu texniki xarakter daşıyır və siyasi dövrlərdən asılı olmayaraq sabit qalır. Hər iki ölkə təmiz enerji texnologiyaları və səmərəliliyi üzrə əməkdaşlıq edə bilər. ABŞ-ın tədqiqat institutları və özəl şirkətləri Günəş və külək mühəndisliyi, enerji saxlama sistemləri və müasir elektrik şəbəkələri kimi sahələrdə geniş təcrübəyə malikdir. Birgə layihələr və ya texnologiya üzrə tərəfdaşlıq əlaqələri Azərbaycanın enerji miksinin şaxələndirilməsinə və aşağıkarbonlu infrastrukturun genişləndirilməsinə dəstək ola bilər.
Bunu AZƏRTAC-a müsahibəsində Mayami Universitetinin hüquq məktəbinin müəllimi, beynəlxalq iqlim hüququ üzrə tanınmış ekspert, COP30-un iştirakçısı Lorena Zenteno Villa deyib.
L.Villa bildirib ki, metan emissiyalarının azaldılması açıq və hər iki tərəf üçün faydalı bir əməkdaşlıq istiqamətidir: “Neft və qaz sektorunda metan emissiyalarının aşkarlanması, monitorinqi və azaldılması istixana qazlarını azaltmağın ən səmərəli yollarından biridir. Bu əməkdaşlıq daha çox texniki və sənayeyönümlü olub, qlobal enerji idarəçiliyi üzrə ən yaxşı təcrübələrlə üst-üstə düşür. Üçüncüsü, elmi və akademik əməkdaşlıq genişlənə bilər. Hər iki ölkənin universitetləri və tədqiqat mərkəzləri iqlim modelləşdirilməsi, su ehtiyatlarının idarə edilməsi, quraqlığa davamlılıq və ekoloji təmiz texnologiyalar üzrə innovasiya sahələrində birgə araşdırmalar apara bilərlər. Belə tərəfdaşlıq uzunmüddətli dayanıqlığa və bilik mübadiləsinə töhfə verir.
Nəhayət, yaşıl enerji sahələrində əməkdaşlıq potensialı mövcuddur, o cümlədən hidrogen enerjisi, dənizdə külək potensialı və bərpaolunan enerji üzrə layihələr hazırlanması mümkündür.
Azərbaycanın coğrafi mövqeyi və enerji resursları ölkəni regionda mühüm enerji aktoruna çevirir və texniki əməkdaşlıq ilkin qiymətləndirmə araşdırmalarını, pilot layihələri və investisiya planlamasını dəstəkləyə bilər.
Ümumilikdə, ABŞ və Azərbaycan arasında əməkdaşlıq texnologiya, elm və innovasiya sahələri üzrə inkişaf edə bilər. Bu da həm praktiki, həm qeyri-siyasi, həm də qarşılıqlı olaraq faydalı əməkdaşlıqdır.