Ekspert: Azərbaycan qazının Avropa bazarında artan payı ölkəyə iqtisadi fayda verir
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycanın zəngin qaz ehtiyatlarının Avropa enerji bazarında payının artması ölkə iqtisadiyyatı üçün həm mühüm imkanlar, həm də məsuliyyət yaradır. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə ixracın genişlənməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirir və ölkəni etibarlı tərəfdaş kimi ön plana çıxarır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov səsləndirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın təbii qaz tədarükü Avropanın ümumi qaz bazarında təxminən 2,8-4 faiz səviyyəsindədir: “Bu pay 2025–2026-cı illərdə artırılmış bazada da eyni diapazonda qalır. Bu göstərici Azərbaycanı Avropanın qaz tədarükündə önəmli alternativ mənbələrdən birinə çevirir. Səsləndirdiyim bu rəqəmlər son deyil. Qaz ixracımızın artmasının müsbət tərəflərindən ilkin gəlirlərin artmasıdır. Avropaya qaz satışından əldə edilən valyuta axını ilə dövlət büdcəsinin gəlirləri artır, makroiqtisadi sabitliyi dəstəklənir və strateji ehtiyatlar çoxalır. Digər tərəfdən bu gəlirlərdən səmərəli istifadə ölkənin sosial və infrastruktur inkişafını gücləndirə bilər. Eyni zamanda, enerji sektorunun genişlənməsi yeni investisiyaların cəlb olunmasına, müasir texnologiyaların tətbiqinə və məşğulluğun artmasına imkan yaradır”.
İqtisadçı-ekspertin fikrincə, qaz ixracından asılılığın artması digər tərəfdən iqtisadiyyatın neft-qaz sektoruna yönəlməsi riskini gücləndirə və başqa sənaye sahələrinin inkişafını ləngidə bilər. “Buna olduqca həssas yanaşmalıyıq. Qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və Avropanın bərpaolunan enerji mənbələrinə keçid strategiyasını gözümüz önünə gətirməliyik və təbii qaza olan tələbatın gələcəkdə azalması risklərini nəzərə almalıyıq. Bu isə ixrac gəlirlərimizin davamlılığını sınağa çəkə bilər. Azərbaycanın qarşısında duran əsas vəzifə qaz ixracından əldə olunan gəlirləri iqtisadi şaxələndirmə, innovasiya və dayanıqlı inkişaf strategiyalarına yönəltmək, həmçinin energetika sektorunun davamlılığı üçün çevik və uzunmüddətli planlar qurmaqdır. Bu bizim ən önəmli məsuliyyətimizdir. Qısacası, Avropa bazarında artan pay həm ölkəyə iqtisadi fayda verir, həm də strateji idarəetmə baxımından diqqət tələb edən aspektləri gündəmə gətirir. Təhlükəsiz enerji tədarükü və davamlı iqtisadi inkişaf üçün balanslı yanaşma mühüm rol oynayır”, - deyə o qeyd edib.