Ekspert: Fransada baş verən iğtişaşlar Makron hökumətinin siyasətinin nəticəsidir
Bakı, 19 oktyabr, AZƏRTAC
Bu gün Fransada baş verən iğtişaşlar bir gündə yaranmayıb. Onlar illər ərzində yığılıb qalmış problemlərin və Emmanuel Makron hökumətinin həmin problemlərin həlli istiqamətində lazımi addımlar atmamasının nəticəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, Parisdə və digər iri şəhərlərdə baş verən qarşıdurmalar zamanı polisin qəddarlıq nümayiş etdirməsi bütün dünyanın gözü qarşısında baş verir. Lakin Avropa İttifaqı və onun digər qurumları sanki bu halları görməzdən gəlirlər.
“Təhsil hüququnun məhdudlaşdırılmasına, yüksək məbləğdə vergi ödədikləri halda normal tibbi xidmət ala bilməmələrinə, dövlət büdcəsindən ayrılan vəsaitlərin əhalinin rifahının yüksəldilməsinə deyil, xarici siyasətin iddialı layihələrinə xərclənməsinə etiraz edən insanlar vəhşicəsinə döyülür. Avropa mətbuatının məlumatına görə, üç gün ərzində 1200 nəfər həbs edilib. Onların polis şöbələrində zorakılığa məruz qaldıqları və təhqir olunduqları bildirilir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropada fəaliyyət göstərən insan hüquqlarını müdafiə edən təşkilatlar susur, heç bir bəyanat vermirlər. Vaxtilə Avropanın ən böyük iqtisadiyyatlarından birinə malik olan Fransanın bu gün sosial problemlər məngənəsində sıxılmasının bir sıra səbəbləri var. Başlıca səbəblərdən biri Emmanuel Makronun rəhbərlik etdiyi siyasi elitanın korrupsiya və rüşvət iddiaları ilə gündəmə gəlməsidir”, – deyə Z.İbrahimov bildirib.
O, fikirlərini əsaslandırmaq üçün bir sıra faktlara da toxunub: “Hələ 2022-ci ildə Fransa Senatı konsaltinq şirkətlərinin dövlət idarəçiliyinə həddindən artıq müdaxilə etdiyini bildirmişdi. “McKinsey işi” adlanan araşdırma zamanı dövlət orqanlarının məsləhət xidmətləri üçün ABŞ və digər ölkələrin konsaltinq şirkətlərinə külli miqdarda vəsait ödədiyi məlum olmuşdu. Bu il isə Belçika polisi Fransa iş adamlarına məxsus 65,2 milyon avronun dondurulması barədə qərar qəbul edib. Araşdırma zamanı iş adamlarının Fransa vergi xidmətinin əməkdaşları ilə əlbir olaraq vergidən yayındıqları və pulları ölkədən çıxardıqları barədə məlumatlar yayılıb.
Bununla yanaşı, Aleksis Kolerin işi də böyük qalmaqala səbəb olub. 2017–2025-ci illərdə Makronun ən yaxın tərəfdarlarından biri və Yelisey sarayının baş katibi vəzifəsində çalışmış A.Kolerin anasının qohumlarına məxsus “MSC” gəmiçilik qrupuna qanunsuz olaraq dövlət sifarişləri ötürdüyü iddia edilib. Ötən il Fransa mətbuatında sifarişlərin həmin şirkətə verilməsi müqabilində külli miqdarda rüşvət alındığı barədə məlumatlar dərc olunub. Sonradan işin ört-basdır edildiyi və A.Kolerin istefasından sonra araşdırmanın dayandırıldığı iddia edilib.
Cari ilin fevralında “Shortcut” şirkəti ilə bağlı da qalmaqal yaşanıb. Polis dövlət tədbirlərinin təşkili üçün Yelisey sarayı tərəfindən bu şirkətə əsassız ödənişlər edildiyini müəyyənləşdirib. Yelisey sarayında axtarış aparmaq üçün polisə icazə verilsə də, onun əməkdaşlarının saraya yaxınlaşmasına imkan verilmədiyi bildirilir. Açılmış cinayət işi isə hələ də davam edir”.
Ekspert qeyd edib ki, Makron öz ölkəsində qayda-qanun yaratmaqda çətinlik çəkdiyi halda dünya siyasətində fəal olmağa çalışıb: “Bu fəallıq korrupsiya və rüşvət hallarını həm dünya, həm də Fransa ictimaiyyətinin diqqətindən yayındırmağa xidmət edib. O çalışırdı ki, dünya televiziya kanallarının xəbər buraxılışlarında onun adı korrupsiya ilə deyil, digər ölkələrdə demokratiyanın bərpasına töhfə verən lider kimi çəkilsin. Lakin müasir dünyada reallıqdan qaçmaq mümkün deyil. Biz Makronun korrupsioner olduğunu iddia etmirik. Ancaq korrupsiya ilə bağlı faktlar və hallar onun yaxın ətrafı ilə əlaqələndirilir və onun prezidentliyi dövründə baş verib. Ölkəni tədricən daxildən zəiflədən bu kimi mənfi hallar Fransanı bu gün sosial partlayış həddinə çatdırıb”.
“Fransadakı böhranın digər səbəblərindən biri qlobal xarakter daşıyan enerji problemidir. Təcrübəli prezident yanacaq böhranından çıxış yolu tapa bilərdi. Hörmüz boğazının bağlı qalması və dünya bazarında neftin kəskin bahalaşması Avropa dövlətlərinə də təsir göstərib. Lakin ən ağır zərbə belə vəziyyətə hazır olmayan və iqtisadiyyatın şaxələndirilməsi sahəsində yetərli təcrübəsi olmayan hökumətlərə dəyib. Bu baxımdan Fransa ön sıralarda yer alır.
Hazırda ölkədəki ağır sosial-iqtisadi vəziyyət insanların küçələrə çıxmasına səbəb olub. Etiraz aksiyalarında artıq siyasi tələblər də irəli sürülür, prezidentin və hökumətin istefası tələb olunur. Bu isə Fransada təkcə iqtisadi deyil, həm də ictimai-siyasi böhranın hökm sürdüyünü deməyə əsas verir”, – deyə siyasi ekspert fikirlərini yekunlaşdırıb.