Ekspert: Qloballaşma dövründə ölkə iqtisadiyyatını gözləyən təhdidlərə qarşı milli model yaratmaq əsas hədəflərdəndir
Bakı, 5 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün üzərinə bir çox vəzifələr düşür. Bu günə qədər Azərbaycan dövləti iqtisadi təhlükəsizliyinin təmini sahəsində üzərinə düşən öhdəlikləri tamamilə yerinə yetirib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov deyib.
Ekspert qeyd edib ki, qloballaşma dövründə ölkə iqtisadiyyatını gözləyən təhdid və təhlükələrə qarşı milli iqtisadi modeli yaratmaq və milli dövlətçiliyi inkişaf etdirmək əsas hədəflərdən biri olub. Bununla bağlı dövlət tərəfindən mütərəqqi islahatlar həyata keçirilib. Ölkədə həyata keçirilən sosial-iqtisadi kurs məhz ölkədə dövlətin iqtisadi təhlükəsizliyi sahəsində atdığı addımları inkişaf etdirməkdən asılı olub: “Eyni zamanda, iqtisadi təhlükəsizliyimizin təmin edilməsi üçün dövlətin üzərinə düşən vəzifələrdən biri də qlobal iqtisadi tendensiyaları yaxşı müşahidə etmək və dünyada dəyişən təbii şərtlər və şəraitlər fonunda iqtisadiyyatları gözləyən təhlükələrə qarşı normal bir model formalaşdırmaqdır. Dövlətimizin başçısı tərəfindən qəbul edilən mühüm qərarlar və imzalanan sərəncamlar bu sahədə çox ciddi dəyişikliklərə səbəb olub. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə şərait yaradıb”.
T.İsmayılov, həmçinin vurğulayıb ki, müasir şəraitdə regionların davamlı sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ölkənin iqtisadi təhlükəsizliyi, davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması regionların inkişafından çox asılıdır. Bu səbəbdən regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabət qabiliyyətli iqtisadiyyat, təbii resurslardan səmərəli istifadə, innovasiyalı iqtisadiyyatın modernləşdirilməsinə imkan verir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilib ki, ölkənin regionlarında iqtisadi fəallığın daha da artırılması məqsədilə mövcud iş qüvvəsi, habelə bütün iqtisadi resurslar tam olaraq iqtisadi dövriyyəyə cəlb edilməli, regionların sürətli inkişafında insanların keyfiyyətli iqtisadi imkanlar və fiziki infrastruktur üzrə əlçatanlığı təmin olunmalıdır: “Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən qərarlar bu sahənin daha da təmərküzləşməsinə səbəb olub. Bu gün Azərbaycan iqtisadiyyatının dünyadakı mühüm tendensiyalar və trendlərə qatılması bu proseslərdə fəal şəkildə iştirak etməyə və ölkədə həyata keçirilən siyasi modelin nəticəsidir”, - deyə ekspert vurğulayıb.