ORDU
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər and içiblər
Bakı, 13 avqust, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Çıxış edən hərbi qulluqçular və əsgər valideynləri rəşadətli Ordumuzun ölkəmizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeri, müstəqilliyimizin qarantı olduğunu bildirib və gənclərə xidmətlərində nizam-intizamlı olmağı, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov bildirib ki, dövlətimiz tərəfindən əsgərlərimizə göstərilən diqqət və qayğı, yaradılan müasir məişət şəraiti onların daha yaxşı xidmət etmələrinə zəmin yaradır. İntizamlı vətən müdafiəçisi olmaq üçün hər bir əsgər dövlətimizin qayğısından bəhrələnərək üzərinə düşən vəzifələri şüurla yerinə yetirməli, silah və texnikanın sirlərinə dərindən yiyələnməli, fiziki və mənəvi-psixoloji cəhətdən hazırlıqlı olmalı, komandirləri tərəfindən öyrədilənləri dərindən mənimsəməlidir.
General-mayor Məhəmməd Həsənov gənclərə xidmətlərində uğurlar arzulayıb və hərbi andı qəbuletmələri münasibətilə onları təbrik edib.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.