Əlcəzairli nazir: Qoşulmama Hərəkatının Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılması tarixi qərardır
Bakı, 6 iyul, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova İyulun 6-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Ahmed Attafın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Qafarova Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyətini vurğulayıb, belə tədbirlərin beynəlxalq gündəlikdə duran bir çox məsələlərin, o cümlədən ikitərəfli münasibətlərin müzakirəsi üçün uğurlu platforma olduğunu qeyd edib.
Vurğulanıb ki, Azərbaycan Əlcəzairlə münasibətlərin bundan sonra da inkişaf etdirilməsinə əhəmiyyət verir.
Parlamentlərarası əlaqələrin hazırkı vəziyyətini müsbət səciyyələndirən S.Qafarova qanunverici orqanlar arasındakı əməkdaşlığın daha da inkişafı üçün dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkilinin vacibliyindən söz açıb.
Parlamentin sədri azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verib, Azərbaycanın Ermənistana sülh müqaviləsi imzalamağı təklif etdiyini bildirib, buna qarşı addımların yolverilməz olduğunu deyib.
Ahmed Attaf Prezident İlham Əliyevin nazirlər görüşündəki çıxışını yüksək qiymətləndirdiyini söyləyib, Azərbaycanı Hərəkata sədrliyi dövründə atdığı qətiyyətli addımlara görə təbrik edib. Ölkəmizin sədrliyi dövründə Hərəkatın Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılmasının tarixi qərar olduğu diqqətə çatdırılıb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.