Eldar Quliyevin iş otağı yaradıcılıq otağına çevrilib
Bakı, 18 yanvar, AZƏRTAC
Artıq bir müddətdir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.
Kinostudiyanın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu gün görkəmli kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Eldar Quliyevin iş otağı sənətkarın doğum günü münasibətilə geniş ictimaiyyətin ziyarət məkanına çevrilib.
Qeyd edək ki, kinostudiyada çalışmış kino xadimlərinin xatirəsinin yaşadılması ənənəsi çərçivəsində indiyə qədər Rasim Ocaqov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli və digər sənətkarların vaxtilə çalışdıqları iş otaqları əşyaları ilə birlikdə mühafizə olunaraq yaradıcılıq otağına çevrilib.