CƏMİYYƏT
Əlilliyi olan 60 nəfər Qubada istirahətə göndərilib
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 60 əlili Quba rayonunda yerləşən istirahət mərkəzinə yola salıb.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Əlillərin istirahətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. Proqrama uyğun olaraq, bu il artıq 655 nəfər əlilliyi olan vətəndaş Quba, Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.
Əlillərin yola salınması və 10 gün davam edən istirahət müddətindən sonra geri qaytarılması nazirlik tərəfindən ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.
Yay mövsümünün sonuna qədər daha 450-ə yaxın əlilin istirahəti təşkil olunacaq.