Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb



Bakı, 19 mart, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin ölkədə peşəkar kadrların yetişdirilməsi, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu vurğulayıb. Nazir təhsil sahəsində innovativ yanaşmalar, rəqəmsal texnologiyaların tətbiqi və təhsil idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar barədə də geniş məlumat verib. Emin Əmrullayev qeyd edib ki, idarəetmə potensialı yüksək mütəxəssislərin elm və təhsil sahəsinə inteqrasiyası bu sahənin davamlı inkişafı üçün vacibdir.
Daha sonra Orxan İsgəndərov və İnsafəli Səmədov mentorluq proqramının onlara verdiyi imkanlardan danışaraq təhsil sistemində müasir idarəetmə modelləri, təhsilin keyfiyyətinin artırılması və elmi tədqiqatların stimullaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Onlar xüsusilə təhsilin rəqəmsallaşdırılması, innovativ pedaqoji yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin yerli təhsil sisteminə inteqrasiyasına dair təkliflərini təqdim ediblər.
“Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalayıb.