Elmar Hüseyn: Ermənilər xislətlərinə uyğun olaraq dünyaya yalan informasiya ötürməklə məşğuldurlar
Bakı, 16 avqust, AZƏRTAC
Laçın sərhədi istiqamətindən əldə edilən görüntülərdə uzaqmənzilli top qurğuları daşıyan avtomobilləri görməmək mümkün deyil. Bu, konkret olaraq Ermənistanın kapitulyasiyası ilə nəticələnən 10 noyabr tarixi üçtərəfli Bəyanatın müvafiq bəndlərinə ziddir. Bəlkə də onların əraziyə gəlmə məqsədləri uzaq məsafədən Laçın dəhlizinə atəşə tutmaqdır. Görünür, onlar buranı döyüş meydanına çevirməyə çalışırlar. Müşahidələrə görə, həmin kiçik qruplaşmalar postlarımıza müdaxilə etməzdən əvvəl artilleriya atəşi açılması ehtimalını nəzərə alaraq yerdəyişmələr edir və həmin qurğuları hakim yüksəkliklərdə qururlar. Azərbaycanın tam hüququ var ki, həmin qurğular işə düşməmişdən əvvəl onların yerini təsbit edərək məhv etsin. Bu da sülh müqaviləsinə gedən ən qısa yoldur. Ermənistanda keçirilən mitinqin görüntülərindən, orada batalyon komandirlərinin çıxışlarından belə qənaətə gəlmək olar ki, ermənilər yenidən təxribatlara əl atmağa çalışacaqlar. Onlar həmin təxribatların nə ilə nəticələnəcəyini düzgün hesablaya bilməsələr də, Azərbaycana son nəticə açıq-aydın məlumdur.
AZƏRTAC xəbər verir ki, bunu Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.
Onun fikrincə, yaxın günlərdə biz həmin nöqtələrin tutulmasını görəcəyik.
“Ermənistanın baş naziri Nikol Paşinyan da anlayır ki, İrəvanın küçələrində hakimiyyəti dəyişmək şoudan və yalançı çırpınışlardan başqa bir şey deyil. Azərbaycan öz məqsədinə doğru inamla irəliləyir və tələblərinə nail olmaqdadır”, - deyə E.Hüseyn qeyd edib.
Son üç il ərzində Azərbaycan Ordusunun təxribat qruplarına kifayət qədər uğurlu mübarizəsindən bəhs edən hərbi-siyasi ekspert fikirlərinə belə davam edib: “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsindən yad ünsür istədiyi şəkildə keçə bilməyəcək: “Ordumuzun müvafiq bölmələri bunun qarşısını alacaq. Ermənilər xislətlərinə uyğun olaraq dünyaya yalan informasiya ötürməklə məşğuldurlar. Əgər hərbi cəhətdən insident baş verəcəksə, qarşısı qətiyyətlə alınacaq. Bu zaman İranın ərazisindən keçməklə Hindistandan gətirilən silahlar da ermənilərin başında çatlayacaq. Onlar nə qədər silah-sursat, texnika alsalar da Ordumuza, peşəkar, cəsur və vətənpərvər hərbi qulluqçularımıza qalib gələ bilməyəcəklər. Ordumuzun bölmələri Vətən müharibəsi zamanı Ermənistanın bütün arsenalını, o cümlədən raketlərini, mərmilərini məhv etdi. Düşmən əsgərləri texnikanı döyüş meydanında qoyub qaçmağa məcbur oldular ki, onları da hərbi qənimət kimi götürdük. Statistik rəqəmlərə görə on il Ermənistan ordusu bərpa oluna bilməyəcək. Gələcəkdə ermənilər revanş almağa çalışsalar - bu da qaçılmaz deyil - gündən-günə qüvvətlənən Azərbaycan Ordusu onları növbəti dəfə döyüş meydanından başıaşağı yola salacaq”.