Elmlər namizədi: İqlim dəyişiklikləri artıq şəhər həyatına birbaşa təsir göstərir
Bakı, 20 may, AZƏRTAC
Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İqlim dəyişikliyinin Azərbaycanda urbanizasiyaya təsiri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iqlim dəyişikliklərinin Azərbaycan şəhərlərində yaratdığı təsirlər və bunun urbanizasiya prosesinə təsiri müzakirə olunub.
Elmlər namizədi, elmi işçi Hafizə İmanova bildirib ki, artan temperatur, qeyri-sabit yağıntılar, su çatışmazlığı və ətraf mühitin deqradasiyası artıq şəhər həyatına birbaşa təsir göstərir.
O qeyd edib ki, iqlim dəyişiklikləri insanların yaşayış yerlərinin dəyişməsinə, şəhər infrastrukturuna düşən yükün artmasına və bəzi icmaların daha çox risk altında qalmasına səbəb olur. Onun sözlərinə görə, iqlim dəyişiklikləri urbanizasiya prosesindən ayrı deyil və şəhərsalma ilə mənzil siyasətində bu amil nəzərə alınmalıdır.
Həmçinin qeyd olunub ki, dayanıqlı şəhər inkişafı üçün iqlim risklərinin planlaşdırma prosesinə daxil edilməsi vacib əhəmiyyət daşıyır.
Müxbir - Aynur Əlixanlı