Əlyazmalar İnstitutuna “Gül dəftəri”nin beynəlxalq reyestrə salınması haqqında sertifikat təqdim edilib
Bakı, 11 iyul, AZƏRTAC
Bu günlərdə UNESCO-nun baş direktorunun imzası ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna Xurşidbanu Natəvanın “Gül dəftəri - təsvirli şeirlər albomu” adlı nominasiyanın Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil olması haqqında sertifikat təqdim edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Xurşidbanu Natəvanın “Gül dəftəri - təsvirli şeirlər albomu” UNESCO-nun Dünya Yaddaşı Proqramı çərçivəsində Beynəlxalq Məşvərət Komitəsi tərəfindən yoxlanılaraq UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilib. Bu əlamətdar hadisə AMEA və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu başda olmaqla, ölkəmizin aidiyyəti qurumlarının birgə uğurlu fəaliyyətinin nəticəsi hesab olunur.
Gələcəkdə bu kimi sənədli irsimizin digər nümunələrinin sözügedən reyestrə daxil edilməsi ölkəmizin zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.
Qeyd edək ki, Xurşidbanu Natəvanın “Gül dəftəri - illüstrasiyalı şeirlər albomu” nominasiyasını beynəlxalq komissiya qarşısında təqdim edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri dosent Nigar Babaxanovadır.