Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 15 avqust, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə “Heydər Əliyev İli” çərçivəsində “Sufizmin Nizami Gəncəvi və Mövlanə Cəlaləddin Ruminin əsərlərinə təsiri” mövzusunda onlayn şəkildə keçirilmiş beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) təşəbbüsü və Nizami Gəncəvi Məqbərə Kompleksinin direktoru Gülnarə İsmayılovanın moderatorluğu ilə keçirilən seminarda alim “Böyük humanist sənətkar” adlı məruzə ilə çıxış edərək, humanizmin əsas müddəalarının Nizami irsində əks olunduğunu qeyd edib. O, Nizami Gəncəvinin təkcə Azərbaycanın deyil, Şərqin, bütün müsəlman aləminin, dünyanın nadir zəka sahiblərindən olduğunu vurğulayaraq, onun sülhə və tərəqqiyə dəvət edən qiymətli mirasını insanlıq üçün zəngin həyat məktəbi adlandırıb. Bildirib ki, dünya humanizm məktəbinin tam mənzərəsinin aydın təsəvvür edilməsi üçün Nizami Gəncəvi kimi bədii söz ustadının həyata, insana, cəmiyyətə baxışlarının öyrənilməsi zəruridir.
Konfransda, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop, Səlcuq Universitetinin fars dili və ədəbiyyat müəllimi professor Ali Temizel, Atatürk Universiteti Fars dili və ədəbiyyat bölümünün rəhbəri professor Nimet Yıldırım dünya şöhrətli türk şairlərinin ortaq türk mədəniyyətinin, ədəbiyyatının təşəkkülündə olan xidmətlərindən bəhs ediblər.
Sonda Gəncə DTMQ-nın direktoru vəzifəsini icra edən Vüsal Alıyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.