“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsi nəşr olunub
Bakı, 16 avqust, AZƏRTAC
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsi nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin baş redaktorluğu ilə çap olunan “Əlyazmalar yanmır” elmi məqalələr toplusunun bu nömrəsində “Heydər Əliyev - 100”, “Ədəbiyyatşünaslıq”, “Mətnşünaslıq”, “Dilçilik”, “Kitabxanaşünaslıq”, “Keçmişdən gələn səslər” və “Yubileylər” bölmələri üzrə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” (Heydər Əliyev)”, “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənc nəslin tərbiyəsində rolu”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu, tarix yazan dahi şəxsiyyət”, “Nigar Rəfibəylinin poeziyasında Nizami”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı”, “Yusif Seyidovun ədəbi dil barədə fikirləri”, “Əl-Ədvar fi əl-musiqi” əsərinin əlyazma nüsxəsinin paleoqrafik xüsusiyyətləri və müqayisəli təhlili”, “Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana xalqımızın mədəni sərvətidir”, “Şövkət Sübhi. Tərcibənd”, “Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı (Teymur Kərimli - 70)” və s. mövzularda məqalələr yer alıb.
Qeyd edək ki, 2015-ci ildən nəşr olunan jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir və elmi məqalələr toplusu bir çox beynəlxalq bazalarda indekslənir.