Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq


Ankara, 18 mart, AZƏRTAC
Azərbaycanlı gənclər üçün xarici qurumlarda ən azı üçaylıq staj proqramlarının təşkil olunmasına çalışırıq. Türkiyədə bir sıra şirkətlərlə bu istiqamətdə imkanları müzakirə edirik. Belə bir əməkdaşlığın tələbələrimiz üçün son dərəcə əhəmiyyətli olduğuna inanırıq.
Bu fikirləri Ankarada AZƏRTAC-a açıqlamasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri iş sektorunun müdiri, SABAH qrupları icra komitəsinin rəhbəri dosent Elza Səmədova səsləndirib.
Elza Səmədova qeyd edib ki, 5 günlük təşəbbüsün əsas məqsədlərindən biri azərbaycanlı gənclərin sonrakı mərhələlərdə daha uzunmüddətli staj proqramları və təcrübə yerləri ilə təmin olunmasıdır.
Bu kimi layihələrə dövlət dəstəyinin olacağına inandığını deyən SABAH qrupları icra komitəsinin rəhbəri Azərbaycanın ali məktəblərindəki tələbələrin qardaş ölkənin aparıcı şirkət və qurumları ilə tanış olduğunu, informasiya texnologiyaları, kibertəhlükəsizlik və süni intellekt kimi sahələrdə məlumat əldə etdiyini, praktiki olaraq təlimlərdə iştirak etdiyini deyib.
Bu layihənin müxtəlif təcrübə proqramları ilə davam edəcəyini deyən Elza Səmədova bildirib: “Proqramda iştirak edən azərbaycanlı tələbələr öz həmyaşıdları ilə tanış olaraq münasibət qurmaq fürsəti qazandılar. Bu əhəmiyyətli proqram üçün həm Azərbaycan Kosmik Agentliyinə, həm də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə öz təşəkkürümüzü bildiririk. Bu günün tələbələri olan gənclər Türkiyədə öyrəndiklərini Azərbaycanda tətbiq edəcək mütəxəssislər kimi yetişəcəklər”.
Onun sözlərinə görə, öz layihələrini həyata keçirmək, yeni ideyaları reallaşdırmaq istiqamətində təlimlər keçən azərbaycanlı tələbələr Türkiyədən çox böyük təəssüratlarla qayıdacaqlar.
Qeyd edək ki, “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycanın Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə həyata keçirilən layihəyə üç şəhid və qazi övladı cəlb olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara