İQTİSADİYYAT
Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası olub
Bakı, 7 avqust, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sədrliyi ilə keçirilmiş iclasda 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin birinci yarımillik üzrə icrasına dair hesabat, eləcə də Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatoru (“İşçi qüvvəsi”) üzrə cavablandırılmış sorğu vərəqəsinə və qiymətləndirmə nəticələrinə dair təqdimat işçi qrupunun üzvlərinə təqdim olunaraq ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə, eyni zamanda, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən “Meqatrendlərin analizi və əmək bazarının makroiqtisadi sektor təhlilləri” mövzusunda hazırlanan təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və özəl sektorun nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.