Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 18 mart, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdaş rayonunda Ağdaş və Yevlax sakinlərinin müraciətlərini dinləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə nazir Anar Əliyev və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.