Əmək və əhalinin sosial müdafiəsi naziri Zaqatalada vətəndaşların müraciətlərini dinləyib








Bakı, 20 iyun, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zaqatala rayonunda Zaqatala və Balakən rayonları sakinlərinin müraciətlərini dinləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Anar Əliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Həmin gün vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya, mənzil təminatı, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.