Əməkdar artist Sahib Paşazadə beynəlxalq festivalda çıxış edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Anqolanın paytaxtı Luanda şəhərində ilk dəfə “Ngola Symphony” Musiqi Festivalı təşkil olunub. Festival Anqolanın tanınmış mədəniyyət mərkəzi olan Palacio De Ferroda reallaşıb. Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti Billurə Bayramova (Bernard) AZƏRTAC-a bildirib ki, təsis etdiyi təşkilatın təşəbbüsü ilə Azərbaycan musiqisi, tarı, muğamı ilk dəfə olaraq Anqolada səsləndirilib. Festivalın açılış mərasimində Azərbaycanı Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edib.
Təntənəli mərasimdə Sahib Paşazadə ilə birlikdə ölkənin Banda Força Àrea Nacional, Orquestra Pescadores de Cacuaco Banda Da Forca Aera Nacional, tenor Emanuel Mendes və soprano Maria Eugenia və tanınmış sənət adamları fəxri qonaq qismində eyni səhnəni bölüşüblər.
Billurə Bayramova, həmçinin Azərbaycan musiqisinin və tarının dünyada təbliği ilə bağlı Sahib Paşazadənin festivalda iştirakına dəstək verən Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatı, Azərbaycan Diasporuna dəstək Fondu və Beynəlxalq Muğam Mərkəzinə minnətdarlığını bildirib. Festival zaman təşkilatçılara Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə çap edilmiş “Azərbaycan musiqisinin inciləri” adlı xalq və bəstəkar mahnılarından ibarət kitab təqdim edilib.
Festivalda 10- dan çox şəhərdən 1000 sənətçinin çıxışı yer alıb. Festivalda, həmçinin ölkənin tanınmış insanları, Mədəniyyət Nazirliyinin, müxtəlif səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.