İQTİSADİYYAT
Energetika naziri "Sumqayıt" İES-in modernləşmə prosesi ilə maraqlanıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Sumqayıt" İstilik Elektrik Stansiyasının (İES) modernləşmə prosesi ilə maraqlanıb.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir "Sumqayıt" İES, Yeni Yaşma Külək Elektrik Stansiyası və Sumqayıt Texnologiyalar Parkına baş çəkib. O, ümumi gücü 525 meqavat olan "Sumqayıt" İstilik Elektrik Stansiyasında olub, burada aparılan modernləşmə prosesi ilə maraqlanıb. Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təchizatında elektrik stansiyasının əhəmiyyətindən bəhs edilib.
Nazir enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit fəaliyyəti üçün stansiyanın rolunu gücləndirəcək tədbirlərin həyata keçirilməsi ilə bağlı tövsiyələr verib.
Energetika naziri Xızı rayonunun Yeni Yaşma kəndi ərazisindəki Külək Elektrik Stansiyası ilə də tanış olub. Layihə gücü 50 meqavat olan Yeni Yaşma Külək Elektrik Stansiyasının tikintisinin 2014-cü ildə başa çatdığı, müvafiq Dövlət Komissiyası çərçivəsində yoxlama işlərinin aparıldığı və stansiyanın “Azərenerji” ASC-nin şəbəkəsinə qoşulduğu barədə nazirə məlumat verilib. Bildirilib ki, bu stansiya gələcəkdə alternativ enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin həcminin artmasına töhfə verəcək.
P.Şahbazov Cənubi Qafqaz regionunda mühüm istehsalat kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkına (STP) da baş çəkərək, görülən işlərlə tanış olub. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən layihələrdən biridir. STP-nin tərkibində olan müəssisələr ölkəmizin energetika sənayesində istifadə olunan məhsul və xidmətləri ilə də istənilən layihədə uğurla iştirak etməyə hazırdır. Sumqayıt Texnologiyalar Parkı ilə Energetika Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib. Gələcək perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Nazirin elektrik stansiyalarına tanışlıq səfərində “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevlə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov da iştirak edib.