“EnterpriseAzerbaijan.com” portalı Azərbaycan Texniki Universitetində startap təlimi keçirib
Bakı, 1 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterazerbaijan.com” portalının Vergilər Nazirliyinin dəstəyi ilə təşkil edilən “Startapa necə başlamalı: İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda təlimi Azərbaycan Texniki Universitetində keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimin açılışı zamanı universitetin prorektoru İsa Xəlilov ali təhsil ocaqlarında belə görüşlərin təşkilinin tələbələrin gələcək karyerasına dəstək və gənclərin innovativ sahibkarlığı baxımından önəmli olduğunu bildirib.
150-dən çox tələbənin iştirak etdiyi təlimdə “EnterpriseAzerbaijan.com” portalının meneceri Aytən Məmmədova portal və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov Beynəlxalq Ticarət Mərkəzinin (ITC) “Amazonla qazan” layihəsi haqqında tələbələri məlumatlandırıb.
Təlimdə Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov kiçik və mikro sahibkarlara, o cümlədən, startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi və 2019-cu ilin əvvəlindən başlayaraq tətbiq olunan güzəştlər barədə məlumat verib.
“EnterpriseAzerbaijan.com” portalı bir neçə universitetdə 700-dən çox tələbə ilə belə görüşlər keçirib. Görüşlər mütəmadi olaraq davam etdiriləcək.