“Erkən uşaqlıq dövründə inkişaf” layihəsi çərçivəsində onlayn təlim keçirilib
Bakı, 26 noyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Erkən uşaqlıq dövründə inkişaf” layihəsi həyata keçirir. Noyabrın 26-da “Erkən uşaqlıq dövründə inkişaf” mövzusunda fikir mübadiləsi aparmaq üçün media nümayəndələri ilə layihə heyəti arasında onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn təlimdə layihə fəaliyyətləri, həmçinin erkən uşaqlıq dövrünün əhəmiyyəti barədə kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin qeyd olunub ki, layihə 2019-cu il oktyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nın Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin tərəfindən imzalanmış Anlaşma Memorandumu çərçivəsində icra olunur.
Layihənin məqsədi 0-8 yaş arası uşaqların sosial, fiziki və əqli inkişafı, sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması haqqında valideyn və digər maraqlı tərəfləri maarifləndirməkdir. Həmçinin bu sahədə çalışan səhiyyə, təhsil və sosial xidmətlər üzrə mütəxəssisləri təkmilləşdirməkdən ibarətdir.