ERMƏNİ TERRORİZMİ BEYNƏLXALQ TERRORİZMİN TƏRKİB HİSSƏSİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, martın 19-da Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində həmin qanlı cinayətin qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Əvvəlcə, Azərbaycanın dövlət himni səsləndirildi faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu və Bakı Dirçəliş İttifaqının birgə keçirdikləri mərasimdə xarici ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları, respublika hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların, KİV-lərin nümayəndələri, eləcə də terror nəticəsində həlak olmuş şəxslərin ailə üzvləri iştirak edirdilər. Foyedə terrorun dəhşətlərini əks etdirən foto-sərgi təşkil olunmuşdu.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev, həmin institutun ekspert şurasının üzvü Rövşən Novruzoğlu, Bakı Dirçəliş İttifaqının sədri Abas Məmmədov, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Gülşəna Əliyeva, Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova, BDU-nun kafedra müdiri, Dünya Azərbaycan Qadınları Cəmiyyətinin sədri, professor Əsmət Muxtarova, AMEA Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov və başqaları XIX əsrdən bəri Azərbaycana və türk dünyasına, bütövlükdə bəşəriyyətə qarşı yönəldilmiş erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsinə çevrildiyini, onun cilddən-cildə girərək, dəhşətli faciələr törətdiyini, hətta beynəlxalq miqyasda ad çıxarmış bəzi terror təşkilatlarını da kölgədə qoyduğunu vurğuladılar. Ermənilər dünyanın hər yerində terror aktı törətmişlər, artıq onların dəst-xətti beynəlxalq aləmə bəllidir. Natiqlər Azərbaycanın başına olmazın bəlalar gətirən erməni terrorçularını bütün dünyada ifşa etmək üçün fəaliyyəti genişləndirməyin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da bu işə cəlb olunmasının vacibliyini bildirdilər.
Anma mərasimindən sonra iştirakçılar metronun “20 Yanvar” stansiyasına gedərək, terror qurbanlarının xatirə lövhəsinin qarşısına tər çiçəklər qoydular.