SİYASƏT
Ermənilərin humanitar aksiya şousu beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb
Bakı, 14 avqust, AZƏRTAC
Ermənistan tərəfinin sülh danışıqlarından yayınması, siyasi manipulyasiyalarla məşğul olması müəyyən dərəcədə başa düşüləndir. Heç bir millət, dövlət bizim qədər erməniləri tanıya bilməz. Onların “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi İlə bağlı qaldırdığı hay-küy, şou əslində Qarabağda erməni silahlı dəstələrinin mövcudluğuna hesablanıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata görə, Ermənistan öz silahlı dəstələrini Qarabağdan çıxarmalı idi. Amma bu günə qədər də onlar bu bəndin tələbini yerinə yetirməyib. Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasəti nəticəsində hələlik heç bir nəticə vermir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.
Onun sözlərinə görə, Ermənistan Xankəndiyə silah-sursat daşımaq üçün keçid məntəqəsinin ləğv edilməsini istəyir. Ermənilər beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün humanitar aksiya şousu yaradırlar. Heç kəs təminat verə bilməz ki, Ermənistanın Xankəndiyə göndərəcəyi yük maşınları ilə silah-sursat daşınmayacaq. Qırx dörd günlük Vətən müharibəsindən sonra biz ermənilərin Qarabağda minalar basdırdıqlarının şahidi olmuşuq. Müharibədən sonra bizim çoxlu sayda hərbçi və mülki şəxslərimiz minaya düşərək yaralanıblar, həlak olublar. Prezident, Ali Baş Komandan İlham Əliyev çox doğru olaraq “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasına göstəriş verdi. Bu, vaxtında atılmış bir addım idi. Ərazi bütövlüyü bizim üçün prinsipial məsələdir. Burada hər hansı güzəştdən söhbət gedə bilməz. BMT tərəfindən tanınan sərhədlərimiz çərçivəsində biz istənilən nöqtədə nəzarət-buraxılış məntəqəsi yarada bilərik. Beynəlxalq Ədalət Məhkəməsi də bu məsələdə Azərbaycanın maraqlarına uyğun qərar verdi, Ermənistanın müraciətini isə rədd etdi”.
“Ermənistanda revanşist qüvvələr xaricdəki himayədarlarının göstərişi ilə sülh prosesinə əngəl yaradırlar, Azərbaycana qarşı qanunsuz, absurd iddialar irəli sürürlər. Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddiaları ikrah doğurur. Ermənistan Laçın yolundan sui-istifadə etdiyi üçün Azərbaycanın haqlı məhdudiyyətləri ilə üzləşib. Ermənistanın rəsmi Bakının qanuni addımlarını "blokada", “təzyiq” kimi dünyaya təqdim etməyə çalışması ciddi qəbul olunmur. Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etmək üçün Azərbaycanın təbii sərvətlərini bu gün də qanunsuz olaraq istismar edir. Ermənistandakı revanşist qüvvələr istəyirlər ki, sülh prosesi uzansın. Ermənistanın Yevlaxda keçirilməsi planlaşdırılan görüşdən imtinası, diplomatik səylərə qəsdən mane olması və erməni silahlı qüvvələrinin ərzilərimizdə hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini davam etdirməsi bizdən adekvat addımlar atmağı tələb edir. Təbii ki, bizim səbirimiz tükənməz deyil. Müzəffər Ali Baş Komandan nəyi nə vaxt edəcəyini çox gözəl bilir. Necə ki, 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlara start verərək 30 il işğal altında qalan torpaqlarımızı azad etdik. Eyni addımı Xankəndi üçün də ata bilərik. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ məsələsində heç zaman geri addım atmamışıq. Həmişə qabağa getmişik. Qarabağdakı erməni separatçılarının tör-töküntüləri elə zənn etməsinlər ki, Azərbaycan dövləti onların qanunsuz hərəkətlərinə, qıcıq doğuran, konstitusion dövlət quruluşumuza yönələn təhdidlərinə uzun müddət səssiz qalacaq. Biz imzamıza hörmət edən dövlətik. Əgər ermənilər Azərbaycanın humanistliyini düzgün dəyərləndirə bilməsə, yeni iddialar irəli sürsələr o zaman Ordumuz onlara layiq olduqları cavabı verəcək”, - deyə politoloq vurğulayıb.
O əlavə edib ki, bu gün beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiya verməsi olduqca önəmlidir. Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi göstərir ki, ermənilər yeni müharibəyə hazırlaşırlar. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaq əvəzinə, təxribatlarla məşğul olması onlara yaxşı heç nə vəd etmir.