Erməniləşdirilən Alban abidələri: Qarakilsə monastır kompleksi
Bakı, 10 iyul, AZƏRTAC
Qarakilsə monastır kompleksi Qərbi Zəngəzur regionunun Qarakilsə şəhərinin şimal-qərbində yerləşir. Abidənin dəqiq tikilmə tarixi ilə bağlı rəsmi məlumat yoxdur. Kompleksin memarlıq quruluşuna və litoqrafiyaların öyrənilməsinə əsaslanaraq VII əsrə aid olduğunu güman etmək olar. Qeyri-rəsmi məlumata görə abidənin üzərində inşa tarixini əks etdirən divar yazısı giriş qapısının üstündə olub. Lakin bu yazı ermənilər tərəfindən silinərək yox edilib. Erməni tarixçiləri abidəni XIII əsrə aid etsələr də abidənin üzərində qalan bəzi ornamental bəzək nümunələri, ətrafında sındırılararaq yararsız hala salınan bədii daş nümunələrinin qalıqlarından abidənin VII əsrdə tikildiyi ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar AMEA-nın Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Erməniləşdirilən Alban abidələri: Qarakilsə monastır kompleksi” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin bildirilib ki, kompleksin mərkəzi bazilikası üçnefli divarları taxçalı, xaç formalı, mərkəzi günbəzli, dörd küncündə dördbucaqlı tağları olan kompozisiyaya malikdir. Günbəzin on ikinci novu tağlarla, xüsusi işlənmiş karnizlərlə bəzədilib, günbəzi daşıyan tağlar əyri dayaqlar üzərində dayanır. Məbədin Cənub və Qərb tərəfə açılan iki giriş qapısı var. Abidə plan həllinə görə, Vağüdü və Tatev monastırlarının əsas xüsusiyyətlərini təkrarlayır. Oxşar məbədlərdən fərqli olaraq burada günbəzin altındakı boşluq tam kvadrat formadadır, bütün absislər bir-birinə bərabərdir. Bina üç böyük pəncərəyə malikdir. Xarici fasadlar strukturun məkan inkişafının diqqətəlayiq elementləri olan enli, üçbucaqlı kəsikli, nazik taxçalarla işlənib. Quruluşun bütün dekorativ elementləri (daxili, sütunların burulmuş başlıqları, pəncərələrin yuxarı hissələri və taxçalar, VII əsrin ikinci yarısında ümumiləşdirilmiş ornamentasiya formalarına uyğunlaşdırılıb.

Qarakilsə monastır kompleksi divarlarına yerləşdirilən insan heykəlləri ilə digər monastırlardan seçilir. Məbədin daxili interyerindəki, günbəz yarımkürəsinin aşağı hissəsi nəfis bəzəklərlə bəzədilib. Burada 39 oyma işarəsi indiyədək qorunub saxlanılıb.
Orta əsrlərin yadigarı olan bu Alban monastırı ərazinin inzibati yaşayış məntəqələrinə uzaq olduğundan boş qalmış, heç bir tarixi dövrdə burada erməni millətindən olanlar dini ibadətlə məşğul olmayıb. Ermənilər 1990-cı illərdə müstəqillik qazandıqdan sonra abidəni bərpa edərək öz orijinal görkəminə uyğun olmayan bir formaya salıblar. Belə ki, abidənin ümumi görkəminə və landşaftına əlavələr edilib, divar yazıları ornamental bəzəklər, bədii daş nümunələri sındırılaraq abidədən uzaqlaşdırılıb. Lakin bəzi pəncərələrin üstündəki, eləcə də abidənin günbəzinin ətrafındakı haşiyələrin bəziləri qalıb.
Ermənistan hökuməti abidəyə turistlərin diqqətini çəkmək üçün abidə ətrafında monumental xaç qurğuları, yonulmuş daşlardan pilləkənlər və xaç daşları inşa edərək, abidələrin bərpası qaydalarını pozub. Ermənilər Azərbaycanın mədəni irsinə aid tarix və mədəniyyət abidələrinə qarşı bütün bu vandallığa yol versələr də, hazırda türk totemlərindən sayılan at və qoç fiqurlarının bəzi nümunələri abidə ətrafında qalmaqdadır.