SİYASƏT
Ermənistan Böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atmır
![Ermənistan Böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atmır](/files/2014/3/1200x630/1418470387323736428_1200x630.jpg)
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dekabrın 12-də mətbuat konfransında söylədiyi fikirlərə münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər nazirinin bu kimi mənasız açıqlamaları rəsmi Yerevanın münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətini təhrif etdiyini və yalnız danışıqların imitasiyası ilə məşğul olduğunu bir daha ifşa edir. Ermənistanın bu addımları beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa xidmət edərək, uğursuz formada münaqişənin həllindən yayınmaq məqsədi daşıyır.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını çıxarmır və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də edilən çağırışlara baxmayaraq, Böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atmır.
Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın bu yalanları çox yaxşı başa düşülür. Ona görə də Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir.
Münaqişənin fundamental əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalı təşkil edir. Münaqişənin sülh yolu ilə həlli üçün də ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.