Ermənistan bundan sonra atacağı addımları daha düzgün seçməlidir - Hərbi şərhçi
Bakı, 4 avqust, AZƏRTAC
Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində bir daha Azərbaycanın sülh istədiyini və Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan etdi: “Hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik”.
Bu fikirləri AZƏRTAC-a şərh edən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib ki, dövlətimizin başçısının Vətən müharibəsindən sonrakı dövrdə Ermənistana qarşı sərgilədiyi bu mövqe sözün əsl humanizm nümunəsidir. İndiyədək dünyada müharibədə qalib gələn heç bir dövlət və onun başçısı məğlub etdiyi tərəflə bu cür humanist davranmayıb. Prezidentimiz xarici mətbuata, media strukturlarına verdiyi müsahibələrdə, eyni zamanda, çıxışlarında həmin məqamı xüsusilə əks etdirir. Lakin Azərbaycan tərəfinin məsələnin stabilləşməsi, sülhün bərpası istiqamətində göstərdiyi humanist addımların qarşılığını biz hələ də görmürük. Ermənistan təxribatlarının, beynəlxalq normalara uyğun olmayan istəklərinin sayı dayanmadan artır.
Mərkəzinin rəhbəri vurğulayıb ki, Azərbaycan birmənalı olaraq münaqişənin həllində sülhün tərəfdarı olsa da, məsələnin hərbi yolla həll olunması istiqamətində də geri addımlar atmayıb.
“Dövlətimizin başçısı müsahibəsində Ermənistanın müharibəyə qədər öz ordusu ilə bağlı səsləndirdiyi miflərin, millətinə yeritdiyi ideologiyanın Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılması barədə danışıb. 2020-ci ilə qədər Ermənistan “məğlubedilməz erməni ordusu” hekayəsi ilə xalqının psixologiyasına təsir edirdi. Azərbaycan isə bunun sadəcə nağıldan ibarət olduğunu göstərdi”, - deyə R.Məmmədli deyib.
O qeyd edib ki, Prezidentimizin “Euronews” televiziyasına müsahibəsi Ermənistan cəmiyyətinə, xalqına və dövlətinə mesajdır. Onlar Azərbaycanı bir daha silaha əl atmağa məcbur etməməlidir. Ermənistan bundan sonra atacağı addımları daha düzgün seçilməli, sülhün əldə olunması istiqamətində fundamental qərarlar verməlidir. Hazırda Ermənistanın “humanitar yardım” adlı təxribatı hərbi-siyasi vəziyyəti gərginləşdirib. Bu isə növbəti qarşıdurmaların yaranmasına səbəb ola bilər.