Ermənistan Mədəniyyət Nazirliyinin ətrafında qalmaqal yaranıb
Bakı, 1 mart, AZƏRTAC
Ermənistanda Mədəniyyət Nazirliyinə aid olan sənədin jurnalistlərin əlinə keçməsi nəticəsində bu hökumət strukturunun ətrafında qalmaqal yaranıb.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, sənəddə bir sıra dövlət mədəniyyət obyektlərinin, o cümlədən bir neçə teatrın, muzeylərin və kinostudiyanın ştat vahidlərinin azaldılması və yenidən təşkilindən söhbət gedir. Mədəniyyət işçilərinin sosial şəbəkələrdə etirazından sonra mədəniyyət nazirinin vəzifəsini icra edən Nazeni Qaribyan ictimaiyyətə açıqlama vermək məcburiyyətində qalıb. Onun sözlərinə görə, qanun layihəsində söhbət həmin obyektlərin ləğvindən və ya birləşdirilməsindən getmir. “Sözügedən sənəd, sadəcə aparılan təhlilin yekunlarının icmalıdır” deyən nazir əlavə edib ki, aparılan monitorinqin məqsədi mədəniyyət müəssisələrinin işinin səmərəliliyinin artırılması üçün onların sayının azaldılması və vəsaitə qənaət edilməsidir.
Paşinyan hökumətinin mədəniyyət naziri vəzifəsini icra edən nümayəndəsinin təcrübəsizlik ucbatından dilə gətirdiyi “onların sayının azaldılması və vəsaitə qənaət edilməsi” sözləri etirazları daha da qızışdırıb. Nazir əvəzi daha sonra əlavə edib ki, hökumətin tapşırığı ilə bu cür təhlillər digər qurumlarda da aparılır və buna gündəlik işin bir hissəsi kimi baxmaq lazımdır. “Bundan başqa, sənəd yalnız layihə mərhələsindədir və ona baxılmaya da bilər”, - deyə o bildirib.
Erməni mətbuatı yazır ki, əslində, hökumət teatrlara, muzeylərə və digər mədəniyyət obyektlərinə tutduqları binaları pulsuz vermək şərti ilə, onlara qalan vəsaiti özlərinin qazanmasını təklif etmək niyyətindədir.