SİYASƏT
Ermənistan sülh müqaviləsinin imzalanmasını gecikdirmək üçün bütün vasitələrdən istifadə edir
![Ermənistan sülh müqaviləsinin imzalanmasını gecikdirmək üçün bütün vasitələrdən istifadə edir](/files/2023/2/1200x630/16888197852535110200_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan həmişə bütün qonşuları ilə qarşılıqlı faydaya dayanan əməkdaşlığa can atıb ki, onlardan da biri Ermənistandır. Azərbaycan dialoqa hazır olduğunu daim bəyan edib. Hətta bu bəyanın nəticəsi olaraq, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə mart ayında görüş də keçirilib. Bundan əlavə Prezident Administrasiyası səviyyəsində iki dəfə dəvət olsa da, erməni əhalisi buna müsbət münasibət sərgiləməyib. Təəssüf ki, regionda sülhə qarşı çıxanların sayı heç də az deyil. Lakin maraqlı qüvvələr unutmamalıdırlar ki, Azərbaycan öz vətəndaşları ilə ölkə qanunları çərçivəsində dialoqa açıqdır. Lakin təəssüflər olsun ki, rəsmi Bakıdan fərqli olaraq, Paşinyan hökuməti hələ də bu məsələdə ikili mövqe nümayiş etdirməkdədir. Görüşlərdə bir fikir, ölkə əhalisi üçün digər fikir səsləndirən baş nazirin əməli bir daha ona işarə edir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını gecikdirmək üçün bütün vasitələrdən istifadə edir. Bunun təsdiqi isə Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin tərksilah olunmaması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının hələ də ərazini tərk etməməsi, Ermənistanın Qarabağdakı qanunsuz rejimin və buradakı silahlı dəstələrin maliyyələşdirilməsini dayandırmamasıdır.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, əməldə tanımalıdır.
“O ki qaldı Azərbaycan ərazisində yaşayan erməni sakinlərinin reinteqrasiyasına, təbii ki, onlar da ölkədə yaşayan digər xalqlar kimi Azərbaycan qanunlarını tanımalı və bu çərçivədə həyatlarını qurmalıdırlar. Çünki rəsmi Bakı heç vaxt nə Rusiyanın, nə İranın, nə də Fransanın bayrağı altında öz əhalisi, vətəndaşları ilə danışıq aparası deyil. Əgər dünya Azərbaycanın suverenliyini tanıyıbsa, o zaman niyə üçüncü dövlətin bayrağı altında hər hansı təmas reallaşmalıdır? Azərbaycan bu gün azad olunmuş ərazilərə dinc sakinləri qaytarır. Onların təhlükəsizliyinə qarşı hər hansı təhdidə göz yumulmayacaq. İkinci dəfə dinc əhalinin silahlı terrorçuların hədəfinə çevrilməsinə imkan verilməyəcəyini heç kim unutmamalıdır”, - deyə V.Hüseynli vurğulayıb.