Ermənistan uzun illərdir Azərbaycandan, o cümlədən digər ölkələrdən keçən çayları çirkləndirir - Açıqlama
Bakı, 18 iyul, AZƏRTAC
Bu gün Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları BMT-yə və bir sıra beynəlxalq qurumlara təcili müraciət ünvanladı. Müraciətimizdə də qeyd edildi ki, milyonlarla insanın həyatı və ətraf mühit təhlükə altındadır. Çünki Azərbaycanla sərhəd bölgəsində Ermənistan Respublikası uzun illərdir davam etdirdiyi ekoloji terrorları son vaxtlar daha da instensivləşdirib. QHT-lər sübutlar və əsaslandırılmış faktlar əsasında Ermənistanın törətdiyi ekoloji fəlakətlərin, cinayətlərin beynəlxalq ictimaiyyətə, dünya birliyinə çatdırmaq qərarına gəldilər. Bu məqsədlə həmin müraciəti təcili beynəlxalq qurumlara ünvanladıq. Beynəlxalq qurumlar mandatından istifadə edərək bu məsələyə müdaxilə edib, adekvat reaksiya verə, hətta texniki baxış üçün missiya təşkil edə bilərlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.
O bildirib ki, müraciətdə Ermənistanın BMT konvensiyalarının kobud şəkildə pozması faktları qeyd edilib. Həm Azərbaycan, həm Ermənistan 1991-ci il Espo Konvensiyasına imza atan tərəflərdir. Buna əsasən ekoloji məsələlər milli sərhədləri aşır və ətraf mühitə təsir edə biləcək hər hansı bir hadisə baş verdikdə bu mütləq hər iki tərəfin razılaşdırılması ilə olmalıdır. Azərbaycan tərəfinin razılığı olmadan Ermənistan həm sərhəddə iri metallurgiya zavodu tikir, həm də transsərhəd mövqedə Azərbaycandan, o cümlədən digər ölkələrdən keçən çayları çirkləndirir. Uzun illərdir Araz çayını çirkləndirilməsi baş verir. Bütün bu faktlar konvensiyaların tələbini pozulur.
“Biz müraciətimizdə 12 fakt qeyd etmişik. Müxtəlif mədən sənayesi müəssisələrinin, kombinatların tullantıları həm içməli su ehtiyatlarına, həm də təsərrüfatda istifadə edilə biləcək Araz çayına axıdılır. Eyni zamanda, atmosferin çirklənməsi, torpaq ekosisteminin, canlılar aləminin məhv edilməsi faktları qeyd edilib. Misal üçün, Qafqaz ekoregionunda nəsli tükənməkdə olan bəbirin həyatı buradakı Amurda qızıl yatağının istismarı nəticəsində risk altındadır. Ekologiya sahəsində fəaliyyət göstərən QHT-lər olaraq biz buna həssaslıqla yanaşırıq. Həmin ağır metal tullantıları ilə çirkləndirilmiş çaydan istifadə edən şəxslərdə infeksion, ürək-qan damar, onkoloji xəstəliklərin ciddi şəkildə inkişaf etməsinə və bu insanların ölümünə gətirib çıxarır. Biz o cümlədən bilirik ki, Ermənistanda fəaliyyət göstərən QHT-ləri də dağ-mədən sahəsində aparılan işlər narahat edir. Burada heç bir hesabatlılıq, heç bir şəffaflıq gözlənilmədən mədən sənayesi işləri aparılır. Biz BMT və bir sıra beynəlxalq qurumlardan da öz səsini ucaltmağı və adekvat reaksiya verməsini tələb edirik”,- deyə QHT sədri qeyd edib.