Ermənistana təhvil verilmiş Qevorkyan ailəsi çirkin təbliğat vasitəsinə çevrilib
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistana təhvil verilmiş Qevorkyan ailəsindən məqsədyönlü şəkildə çirkin təbliğat vasitəsi kimi istifadə olunmasına münasibət bildirib.
O qeyd edib ki, Ermənistanın əl atdığı bu metod mənəvi, etik, hüquqi və insani dəyərlərdən tamamilə uzaqdır. Qevorkyan ailəsi Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il bundan əvvəl Azərbaycana üz tutmuş və üçüncü ölkəyə keçmək niyyətinə düşmüşdü. Ailənin başçısı Yegişe Gevorkyan kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməmişdi.
Azərbaycanda olduğu müddətdə münasib mənzil, qida və lazımi həyat şəraiti ilə təmin edilən Qevorkyan ailəsinə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən daim baxış keçirilib, onların saxlama şəraitindən həmişə razılıq ifadə olunub və ölkəmiz tərəfindən göstərilən bu humanizm yüksək qiymətləndirilib.
Ermənistanda aparılmış tibbi müayinələr də ailə üzvlərinin tam sağlam olduğunu göstərib.
Ermənistana təhvil verildikdən sonra Yegişe Qevorkyan və onun ailə üzvlərinin xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində məcburi ictimai ifadələrə vadar edildikləri açıq şəkildə görünür. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilən bu ölkənin vətəndaşları işgəncələrə məruz qalıb və uzun müddət xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanılıblar. Təəssüflər olsun ki, Yegişe Qevorkyan ailəsi də belə bir aqibətlə üzləşib.
Beynəlxalq ictimaiyyət, hüquq müdafiəçiləri Ermənistanın bu kimi qeyri-insani əməllərinə, eləcə də işğalçı ölkənin Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4 mindən çox azərbaycanlının taleyinə, habelə Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə və onların məruz qaldıqları işgəncələrə biganə yanaşmamalıdır.